Mühasibatlıq
Mühasibat xidmətinin qiyməti nədən asılıdır?
Qiymət ayda işlənən sənədlərin (qaimə, bank əməliyyatı, e-qaimə) sayından, işçi sayından, vergi rejimindən (sadələşdirilmiş və ya ƏDV ödəyicisi) və xarici əməliyyatların olub-olmamasından asılıdır. Sənədlərinizə baxdıqdan sonra sizə aylıq qiymət təklif edirik.
Öz mühasibimizi saxlamaq, yoxsa xidmət almaq daha sərfəlidir?
Ştatda mühasib maaş, DSMF ayırması, iş yeri və proqram xərci deməkdir; məzuniyyət, xəstəlik və ya işdən çıxma zamanı uçot dayanır. Xidmətdə işi komanda aparır, adam dəyişsə də hesabatlar gecikmir. Kiçik və orta şirkət üçün xidmət çox vaxt daha az xərclidir.
Hansı hesabatları təqdim edirsiniz?
Vergi rejiminizə uyğun aylıq və rüblük bəyannamələri, DSMF hesabatlarını və illik maliyyə hesabatını hazırlayıb təqdim edirik. İlkin sənədlərin və e-qaimələrin uçotu, bank, debitor və kreditor üzləşmələri də xidmətə daxildir.
Uçot pozulubsa və ya keçmiş aylar aparılmayıbsa nə edirsiniz?
Əvvəlcə mövcud vəziyyəti yoxlayır, hansı dövrlərin və hesabatların düzəldilməli olduğunu yazılı bildiririk. Sonra uçotu bərpa edir, lazım olan düzəliş bəyannamələrini hazırlayırıq.
1C proqramı ilə işləyirsiniz?
Bəli. 1C 8.3-ün quraşdırılması, köhnə bazadan köçürmə və gündəlik dəstək xidmətə daxildir. E-müqavilə sistemini də qururuq.
Vergi
Sadələşdirilmiş vergi, yoxsa ƏDV: hansı rejim sərfəlidir?
Seçim dövriyyədən, fəaliyyət növündən və müştərilərinizin vergi ödəyicisi olub-olmamasından asılıdır. Dövriyyə ardıcıl 12 ayda 200 000 manatı keçəndə ƏDV qeydiyyatı məcburidir. Rəqəmlərinizə baxıb hansı rejimin sərfəli olduğunu yazılı bildiririk.
Bəyannaməni gecikdirsəm nə olur?
Gecikmiş bəyannaməyə görə maliyyə sanksiyası tətbiq olunur, vaxtında ödənilməmiş vergiyə isə faiz hesablanır. Biz bəyannamələri son tarixdən əvvəl hazırlayıb təqdim edirik, gecikmə cəriməsi riski aradan qaldırılır.
Vergi yoxlaması başlayıbsa nə etməliyəm?
Sənədləri təqdim etməzdən əvvəl bizə müraciət edin. Yoxlamaya hazırlığı, vergi orqanı ilə yazışmanı aparır, yoxlama aktını təhlil edir və əsassız hesablamalara şikayət məktubu hazırlanır.
Vergi borcunu hissə-hissə ödəmək olarmı?
Fors-major hallarda verginin yanaşmasına əsasən mümkündür.
Xarici tərəfdaşla işləyirəm, ikiqat vergi ödəməli olacağammı?
Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi olan ölkələrlə əməliyyatlarda vergi bir dəfə ödənilə bilər. Saziş şərtlərinə uyğun sənədləri hazırlayır, əməliyyatın vergi yükünü qabaqcadan hesablayırıq. Təkrar eyni vergi məbləğinin ödənilməsinin qarşısını alırıq.
Audit
Audit nə qədərə başa gəlir?
Auditin minimum qiyməti Auditorlar Palatasının təsdiq etdiyi hədlərlə müəyyən olunur və şirkətin aktivlərindən, gəlirindən və işçi sayından asılıdır. Saytımızdakı Audit kalkulyatoru ilə minimum qiyməti bir dəqiqədə hesablaya bilərsiniz.
Audit kimlər üçün məcburidir?
Qanunvericiliyə görə ictimai əhəmiyyətli qurumlar və müəyyən ölçünü keçən kommersiya təşkilatları illik maliyyə hesabatlarını məcburi audit etdirməlidir. Digər şirkətlər audit rəyini bank, investor və ya tender tələbi ilə alır.
Audit rəyindən başqa nə alıram?
Yoxlama zamanı uçotdakı boşluqlar üzə çıxır. Rəylə birlikdə nəyin düzəldilməli olduğu yazılı şəkildə təqdim olunur.
Audit nə qədər vaxt aparır?
Müddət şirkətin ölçüsündən və sənədlərin hazırlığından asılıdır. Dəqiq plan və müddət auditin əvvəlində sizinlə razılaşdırılır.
Vergi yoxlamasından əvvəl daxili audit nəyə lazımdır?
Daxili yoxlama vergi orqanının görə biləcəyi nöqsanları əvvəlcədən tapır, onları yoxlama başlamazdan düzəltməyə imkan verir. Uçot siyasəti və daxili nəzarət də qiymətləndirilir.
Başqa sualınız var? Bizə yazın